Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar bunlardır - Siyahı

11:28 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və “kənd toyuğu”dur.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Xəzər TV” televiziya kanalına birgə müsahibəsində deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, 4 tona yaxın saxta bal aşkarlanıb:

“Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir. Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması halları da kifayət qədər çoxdur. Hazırda xüsusilə qara kürünün saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir. İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə, məhsul öz adı ilə – yəni “süni kürü” kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür”.