Qazaxıstanın "Kaspi.kz" şirkəti Türkiyədə bank alır

21:00 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Qazaxıstanın fintech nəhəngi "Kaspi.kz JSC" Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Şurasından (BDDK) "Rabobank Group"un bu ölkədəki bölməsini ("Rabobank A.Ş.") satın almaq üçün rəsmi icazə alıb.

ABC.AZ xəbər verir ki, milyarder Vyaçeslav Kimin rəhbərlik etdiyi şirkətin yaydığı bəyanata görə, müqavilə üzrə bütün prosedurların tamamlanaraq sövdələşmənin 2026-cı ilin iyul ayında yekunlaşması gözlənilir. "Kaspi.kz"ın baş icraçı direktoru (CEO) Mixail Lomtadze bu addımın Türkiyə bazarında biznesin genişləndirilməsi üçün strateji dönüş nöqtəsi olduğunu bildirib.

Qeyd edək ki, bu, Qazaxıstan fintech nəhənginin Türkiyə bazarındakı ikinci böyük investisiyasıdır. Şirkət ötən il Türkiyənin nəhəng elektron ticarət platforması olan "Hepsiburada"nın nəzarət səhm paketini (əksəriyyət payını) 1,13 milyard dollara satın almışdı.