Həyat sığortası bazarında ödənişlər kəskin artıb — 40%-dən çox artım

14:34 - 24.06.2026


24 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası seqmenti üzrə sığorta ödənişlərinin dinamikasında əhəmiyyətli artım qeydə alınıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, ilin ilk 5 ayında həyat sığortası şirkətləri tərəfindən ümumilikdə 288,1 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3% çoxdur. Ödənişlərin strukturunda könüllü həyat sığortası 287 milyon manat, icbari həyat sığortası isə 1,1 milyon manat təşkil edib.

Ümumilikdə, AMB-nin məlumatına görə, hesabat dövründə ölkənin bütün sığorta sektoru üzrə sığortaçılar tərəfindən sərnişinlərə və müştərilərə 409,6 milyon manat ödəniş edilib ki, bu da illik müqayisədə 30,1% artım deməkdir.