Ötən il rayonda 516,9 milyon manatlıq məhsul istehsal olunub - İcra başçısı

14:25 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Son 5 il ərzində Biləsuvar rayonunda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb.

ABC.AZ xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, ötən il rayonda 516,9 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 237,1 milyon manatlıq hissəsi kənd təsərrüfatı məhsulu olub.

"Ümumi istehsalda kənd təsərrüfatının 45,9 % paya malik olması aqrar sektorun rayon iqtisadiyyatında aparıcı mövqeyini bir daha təsdiqləyir", - deyə icra başçısı əlavə edib.

O, qeyd edib ki, bu il Biləsuvarda məhsuldarlıq buğda istehsalı üzrə 35, arpa istehsalı üzrə isə 34 sentnerə çatdırılacaq:

"2025-ci ildə rayonda 31 677 hektar sahədən 96 min ton taxıl yığılıb. Məhsuldarlıq buğda üzrə 32,3 sentner, arpa üzrə 29,7 sentner təşkil edib. 2024-cü ildə bu göstəricilər buğda üzrə 29,5 sentner, arpa üzrə isə 27,6 sentner olub. Bu artım rayonun taxılçılıq sahəsində potensialının yüksəldiyini və fermerlərin əməyinin nəticə verdiyini aydın şəkildə göstərir. 2026-cı ildə isə 7 490,5 hektar buğda, 28 116,5 hektar arpa olmaqla ümumilikdə 35 607 hektar sahədə taxıl əkilib. Hazırkı dövrə qədər 1 625 hektar buğda, 19 429 hektar arpa sahəsində biçin aparılıb. Sahələrdən 5 525 ton buğda, 64 116 ton arpa məhsulu əldə olunub. Məhsuldarlıq müvafiq olaraq buğda üzrə 34 sentner, arpa üzrə 33 sentner təşkil edib. Təhlillərə əsasən, yekunda buğda üzrə 35 sentner, arpa üzrə isə 34 sentner məhsuldarlıq gözlənilir".

©Report