18:00 - 15.06.2026
15 iyun, Fineko/abc.az. ABŞ və İran arasında əldə olunmuş tarixi razılaşma və dondurulmuş aktivlərin sərbəst buraxılması qlobal enerji bazarlarında təklif bumuna yol açaraq neftin qiymətini kəskin şəkildə aşağı sala bilər.
ABC.AZ xəbər verir ki, ABŞ-ın nəhəng investisiya bankı "JPMorgan Asset Management"in baş strateqi Karen Uard "Bloomberg" televiziyasına verdiyi müsahibədə neft qiymətlərindəki bu geriləmənin səhm bazarları üçün "böyük mühərrik" rolunu oynayacağını bəyan edib.
Strateqin analitik hesabatından mühüm məqamlar:
Neft üçün 70 dollar hədəfi: Müqavilə çərçivəsində İranın dondurulmuş aktivlərinin açılması və neft nəqlinin rəsmiləşməsi ilə yaxın həftələrdə "Brent" markalı neftin qiyməti barel başına 70 dollara qədər düşə bilər. Üstəlik, OPEC daxilində nizam-intizamın zəifləməsi və digər Körfəz ölkələrinin mövcud qiymətlərlə öz ehtiyatlarını pula çevirmək istəyi bazarda təklifi daha da artıracaq.
Faiz endirimləri başlaya bilər: Neftin ucuzlaşması qlobal inflyasiya təzyiqini azaldacağı üçün ötən həftə inflyasiya qorxusu ilə faizləri 25 baz puan artıran Avropa Mərkəzi Bankı (AMB) və digər tənzimləyicilər yenidən faiz endirimlərinə başlaya bilərlər.
"Çin boğazın bağlanmasına icazə verməz": Uardın fikrincə, cəbhədəki atəşkəs və cümə günü (19 iyun) İsveçrədə imzalanacaq yekun saziş uzunömürlü olacaq. Çünki Hörmüz boğazından keçən neftin ən böyük alıcısı olan Çin öz daxili iqtisadi zəifliyi fonunda İranın bu kritik su yolunu yenidən qapatmasına heç bir halda icazə verməyəcək.
Avropa birjaları dəyərindən ucuzdur: Ekspert Brüsselin son dövrlərdə iqtisadi böyüməyə yönəlik siyasət dəyişikliyini müsbət qiymətləndirərək, Avropa səhmlərinin hazırda birjalarda real dəyərindən çox aşağı qiymətə satıldığını və böyük potensiala malik olduğunu vurğulayıb.
Hazırda "Brent" nefti 5%-ə yaxın itki ilə 83 dolların altına düşsə də, bəzi treyderlər sazişin texniki detalları tam dəqiqləşənə qədər ehtiyatlı davranmağa üstünlük verirlər.