Trampın İrana qarşı geri addımı qlobal birjaları canlandırdı: Səhmlər yüksəldi, neft ucuzlaşdı

12:00 - 12.06.2026


12 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi zərbələri təxirə salması və həftə sonu tərəflər arasında sülh sazişinin imzalana biləcəyini elan etməsi qlobal bazarlarda müharibə risklərini azaldaraq investorların fəallığını artırıb.

ABC.AZ dünya birjalarına istinadən xəbər verir ki, diplomatik yaxınlaşma fonunda aparıcı fond indeksləri kəskin yüksəliş, enerji daşıyıcıları isə eniş nümayiş etdirib:

ABŞ fond bazarı: Wall Street-də iki günlük eniş dayanıb. S&P 500 indeksi %1,8, texnologiya nəhənglərinin yer aldığı Nasdaq 100 isə %3-dən çox dəyər qazanıb. "SpaceX" şirkətinin tarixi yerləşdirmədən (IPO) sonra birjada ticarətə başlaması diqqət mərkəzindədir.

Asiya və Avropa birjaları: MSCI Asya-Sakit Okean indeksi %3,5 artaraq son iki ayın ən yüksək sıçrayışını edib. Cənubi Koreyanın Kospi indeksi isə süni intellekt investisiyalarının dəstəyi ilə %8,4 yüksəlib. Avropa birjalarının da ticarət sessiyasına %1,8 artımla başlayacağı gözlənilir.

Neft və əmtəə bazarı: Neft qiymətlərinin ucuzlaşması qlobal inflyasiya təzyiqini zəiflədib və istiqraz gəlirliliyini aşağı salıb. Brent markalı neft %2 dəyər itirərək bir barrel üçün 88,50 dollara, ABŞ yüngül nefti (WTI) isə 86 dollara geriləyib. Ötən gün %3-dən çox bahalaşan qızılın unsiya qiyməti isə %0,7 korreksiya olunaraq 4 182 dollara düşüb.

"UBS Global Wealth Management"in rəsmisi Ulrike Hoffmann-Burchardi bildirib ki, diplomatiyanın qalib gəlməsi investorların diqqətini yenidən fundamental iqtisadi göstəricilərə və güclü korporativ mənfəətlərə yönəldəcək.