Avropanın ən zəngin şəxsi, LVMH holdinqinin rəhbəri Bernar Arno ailə daxili ixtilaf şayiələrinə cavab verib

21:52 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Avropanın ən zəngin şəxsi, LVMH holdinqinin rəhbəri Bernar Arno ailəsində varislik mübarizəsi və daxili gərginliklərin olması barədə iddialara cavab verib. 77 yaşlı milyarder Fransanın "Le Monde" qəzetində dərc olunan 6 hissəli məqalələr seriyasına cavab olaraq LVMH-nin X sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən açıq məktub yayımlayıb.

Ironik tonda yazılmış məktubda Arno bildirib ki, ailədə parçalanma gözləyənlər hələ çox gözləməli olacaqlar. Məqalələr seriyasında milyarderin həm Fransada, həm də qlobal miqyasda topladığı nüfuz, media üzərindəki təsiri və övladları arasındakı iddia olunan rəqabət işıqlandırılmışdı. Xüsusilə diqqətçəkən məqam isə "Le Monde" qəzetinin əsas səhmdarlarından birinin Bernar Arnonun qızı Delfinanın həyat yoldaşı, milyarder Ksavye Niel olmasıdır.

Qeyd edək ki, Bernar Arnonun beş övladının hər biri "Louis Vuitton", "Christian Dior" və "Hennessy" kimi lüks markaları bünyəsində birləşdirən LVMH imperiyasında müxtəlif rəhbər vəzifələrdə çalışır. "Bloomberg Billionaires Index"in son məlumatlarına görə, Arno təxminən 154 milyard dollarlıq xalis sərvəti ilə dünyanın ən varlı şəxsləri sırasındadır.