Ermənistan AES-i 2036-cı ildən sonra da təhlükəsiz işləyə bilər — erməni nazir

16:16 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Ermənistan Atom Elektrik Stansiyası 2036-cı ildən sonra da təhlükəsiz fəaliyyət göstərə bilər.

ABC.AZ xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib. O, stansiyanın aparıcı dünya şirkətləri ilə əməkdaşlıq etdiyini və mütəmadi yoxlamalardan keçdiyini qeyd edib.

Hökumət artıq yeni modul tipli stansiyanın modelini seçib, texnologiya ilə bağlı qərarın 2027-ci ilə qədər verilməsi gözlənilir və bu seçim layihənin dəyərindən asılı olacaq. “Rosatom” (Rusiyanın dövlət nüvə korporasiyası)  isə güclərin əvəzlənməsi və yeni layihədə iştirakla bağlı müxtəlif təkliflər irəli sürsə də, hələlik Ermənistan tərəfdən cavab yoxdur.

Metsamor şəhərində yerləşən mövcud stansiya modernləşdirilib, ikinci blokun istismar lisenziyası 2026-cı ilə qədər qüvvədədir.