14:57 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Bank sektorunun depozit portfelində artım tendensiyası davam edir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
O qeyd edib ki, ümumilikdə depozit portfeli 37,8 milyard manatı ötüb, illik müqayisədə 2,8 % artım qeydə alınıb:
"Eyni zamanda, fiziki şəxslərin depozitləri daha yüksək templə – 18,7% artaraq 17,3 milyard manata çatıb. Bu göstərici əhalinin bank sisteminə etibarının qorunduğunu və bankların resurs bazasının daha da gücləndiyini göstərir. Müsbət tendensiyalardan biri də dollarlaşma səviyyəsinin azalmasıdır. Depozit portfelində dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlər üzrə isə 30,2 %-ə enib. Bu da həm milli valyutaya, həm də bank sektoruna inamın artdığını nümayiş etdirir".
O, əlavə edib ki, bankların kapital göstəriciləri də dayanıqlığın mühüm indikatoru olaraq qalır:
"Kapitalın 7,7 milyard manata çatması və 9,7 % artım nümayiş etdirməsi bank sektorunun kapital bazasının və maliyyə dayanıqlığının daha da gücləndiyini göstərir".
Müəllif: Elmir Muradov
8 İyun 2026