16:15 - 2.06.2026
2 iyun, Fineko/abc.az. "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun işlənməsi layihəsinin operatoru kimi BP şirkəti bu ilin sentyabrında dərin laylarda yerləşən neftin hasilatına başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel bildirib.
Onun sözlərinə görə, AÇG sərbəst qazın həm neft laylarının üstündə, həm də altında yerləşdiyi unikal miqyasa və mürəkkəbliyə malik yataqdır:
"Daha dərində yerləşən layın ən alt hissəsində biz qaz və su layları arasında nazik bir neft kanalı aşkar etmişik. Biz bu neft kanalı haqqında daha ətraflı məlumat əldə etmək üçün quyu qazdıq. Bu ilin sentyabr ayında bu quyudan hasilata başlamağı planlaşdırırıq".
Q. Birrel əlavə edib ki, dərində yerləşən laylarda neftin mövcudluğu istisna edilməyib.
"Qaz quyusunu qazarkən biz bilirdik ki, su ilə qaz arasında neft həlqəsi var. Bizdə belə bir məlumat var idi. Biz bilirdik ki, potensial olaraq belə bir neft həlqəsi ilə qarşılaşa bilərik. Amma dəqiqləşdirmək üçün biz quyu qazdıq. Hazırda quyu məhz bu neft həlqəsinə qazılır və onun potensialını, həmçinin ümumilikdə bu neft həlqəsinin ölçüsünü anlamaq üçün oradan neft hasilatı başlamalıdır. Daha çox məlumat əldə etmək üçün bu quyudan hasilatın başlamasını gözləmək lazımdır. Gözləyirik ki, təxminən sentyabr ayında bu quyudan hasilata başlanacaq və bu, yeni aşkar edilmiş neft həlqəsi barədə daha çox məlumat əldə etməyimizə, onun həcmini müəyyənləşdirməyimizə imkan verəcək", - Q.Birrel deyib.
©Report