15:45 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Azərbaycan yeni qaz layihələrinin hesabına hasilatı və ixrac imkanlarını daha da genişləndirməyi hədəfləyir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Kamal Abbasov Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, hazırda "Abşeron" yatağının tammiqyaslı işlənməsi, "Ümid" yatağının ikinci mərhələsi, "Şahdəniz" Kompressiya Layihəsi, "Azəri-Çıraq-Günəşli" yatağında (AÇG) "Dərin Qaz" və "Bahar" layihələri üzrə işlər davam etdirilir: "AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazın əldə olunması həm hasilat gücümüzü, həm də ixrac potensialımızı artıracaq. Bu layihələr Azərbaycanın Avropa üçün etibarlı və uzunmüddətli enerji təchizatçısı rolunu daha da möhkəmləndirəcək. Azərbaycan ötən ildən etibarən Serbiyaya da təbii qaz ixrac etməyə başlayıb. Bu isə ölkənin regional enerji əməkdaşlığında rolunun artdığını və yeni bazarlara çıxış imkanlarının genişləndiyini göstərir".
Nazir müavini xatırladıb ki, Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını 16-ya çatdırıb, onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir: "Azərbaycan artıq qaz idxal edən ölkədən xalis qaz ixracatçısına çevrilib. 2025-ci ildə 25 milyard kubmetr qaz ixrac etmişik. Hazırda Azərbaycan qazı alan ölkələrin sayı 16-ya çatıb. Bu, həm Azərbaycanın etibarlı təchizatçı olduğunu, həm də Avropada enerji mənbələrinin şaxələndirilməsinə artan tələbi göstərir. Azərbaycanın qazı 4 əsas ixrac kəməri vasitəsilə beynəlxalq bazarlara çıxarılır. Bu marşrutlar arasında Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Cənubi Qafqaz Boru Kəməri xüsusi əhəmiyyət daşıyır".
©Report