14:37 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Qarabağ layihəsi çərçivəsində Xəzərdə "bundle" (bir neçə boru kəməri və idarəetmə xətlərinin vahid konstruksiyada birləşdirildiyi sualtı texnologiya) sistemi üzrə yeni istehsal obyektinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident Dən Sparks Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, enerji layihələri yalnız hasilat və infrastruktur yaratmır, eyni zamanda regionda uzunmüddətli texniki və insan kapitalı potensialı formalaşdırır: "Qarabağ layihəsi çərçivəsində sualtı bundle istehsalı müəssisəsi qurulacaq. Bu, Xəzər üçün dünyada ikinci belə obyekt olacaq. Müəssisə istifadəyə verildikdən sonra bundle texnologiyası ilə istənilən sualtı birləşmə layihəsini həyata keçirmək mümkün olacaq. "Bundle" texnologiyası bir neçə boru kəmərinin, idarəetmə xətlərinin və digər kommunikasiyaların vahid konstruksiyada birləşdirilməsinə imkan verir. Bu isə layihələrin həyata keçirilməsini daha çevik və səmərəli edir".
©Report