SOCAR nüvə enerjisinin tətbiqi ilə bağlı müzakirələr aparır

10:53 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Təbii qaz tələbatının illik artım tempinin 1 faiz səviyyəsində qalacağını düşünmürəm. Məncə, bu göstərici daha yüksək ola bilər.

ABC.AZ xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində panel müzakirələrində çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

O qeyd edib ki, baza yükünün təmin edilməsi məsələsi də son dərəcə vacibdir:

"Nüvə enerjisinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Bu texnologiyanın hansı miqyasda istifadə olunacağı ilə bağlı qərarlar da gələcək enerji balansına ciddi təsir göstərəcək. Nəticədə artım tempi 2 faizdən də yüksək ola bilər. Bu, böyük ölçüdə növbəti 5-6 il ərzində qəbul ediləcək siyasi və enerji siyasəti qərarlarından asılıdır. Digər mühüm məqam isə odur ki, enerji sektoruna uzun illər ərzində kifayət qədər investisiya qoyulmayıb. Halbuki bu sahəyə investisiya etdikdən sonra nəticələri dərhal əldə etmək mümkün deyil. Yeni layihələrin hazırlanması və istismara verilməsi illər tələb edir. Bu səbəbdən müəyyən bir təklif boşluğunun yaranması qaçılmaz görünür və həmin boşluq gələcəkdə enerji təchizatçıları üzərində əlavə təzyiq yaradır".