Mayda yağışa görə Aqrar Sığorta Fonduna 19 rayondan müraciət daxil olub

16:56 - 26.05.2026


26 may, Fineko/abc.az. May ayında Aqrar Sığorta Fonduna ölkənin 19 rayonundan 3 mindən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bunlar Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir.

Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 39 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir. Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. Aqrar Sığorta Fonduna ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.

Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Aqrar Sığorta Fondunun məlumatlarına görə, Şirvan-Salyan, Aran və Şimal regionu üzrə ən çox müraciətlər sel-subasma, Qarabağ və Mil-Muğan bölgəsi üzrə əsas hadisələr isə fırtına-qasırğa və dolu ilə əlaqədar olub. Zərər müraciətləri əsasən arpa, buğda, pambıq, eləcə də gilas, alma, şaftalı, nektarin, badam və qoz bitkilərini əhatə edib.

Aqrar Sığorta Fondunda bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.