"Google" Süni İntellekt xərclərinə görə tarixində ilk dəfə mənfi pul axını qeydə alıb

06:00 - 27.07.2026


27 iyul, Fineko/abc.az. "Google"ın ana şirkəti "Alphabet" 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, tarixində ilk dəfə olaraq mənfi azad pul axını (minus 5,9 milyard dollar) qeydə alıb. Bu hal şirkətin 2004-cü ildə birjaya çıxmasından bəri (son 22 ildə) ilk dəfə baş verib.

Defisit analitiklərin gözləntilərini aşan böyük kapital xərcləri (CapEx) ilə bağlıdır: rüb ərzində şirkətin süni intellekt infrastrukturuna, məlumat mərkəzlərinə və çiplərə yönəltdiyi xərclər 44,9 milyard dollara çatıb.

"Alphabet" həmçinin 2026-cı il üzrə ümumi kapital xərcləri proqnozunu əvvəlki 180-190 milyard dollardan 195-205 milyard dollara qaldıraraq, ilin sonunadək nəzərdə tutulduğundan təqribən 15 milyard dollar daha çox vəsait xərcləməyi planlaşdırır. Buna baxmayaraq, şirkətin rüblük gəlirləri 119,8 milyard dollara, "Google Cloud" gəlirləri isə 82% artaraq 24,8 milyard dollara çatıb.