17:36 - 25.05.2026
25 may, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
ABC.AZ sənədə istinadən xəbər verir ki, Sərəncamla aidiyyatı dövlət qurumlarına mühüm tapşırıqlar verilib:
Nazirlər Kabinetinə: 3 ay müddətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, 6 ay müddətində isə buğda, pambıq və heyvandarlıq təsərrüfatlarının yaradılacağı ərazilərdə torpaqların təyinatının dəyişdirilməsi barədə təkliflər hazırlamaq tapşırılıb. Qurum ildə bir dəfə dövlət başçısına hesabat verəcək.
Kənd Təsərrüfatı Nazirliyinə: 3 ay müddətində yeni təsərrüfatların yaradılacağı ərazi vahidlərinin siyahısını təsdiqləyib prezidentə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə: Təsərrüfatların manatla aldıqları kreditlər üzrə "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC vasitəsilə faiz və investisiya subsidiyalarının verilməsinə dair təkliflərini 3 ay müddətində hazırlamalıdır. 2027-ci ildən başlayaraq 5 il müddətinə müasir heyvandarlıq və balıqçılıq təsərrüfatlarının kreditlərinin subsidiyalaşdırılması təmin ediləcək.
AQTA-ya: Ölkə üzrə bütün təsərrüfatlardakı iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasını dövlət büdcəsi hesabına aparmalı və məlumatları rəqəmsal sistemlərə ("Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" və "Elektron kənd təsərrüfatı") inteqrasiya etməlidir.
Dövlət Su Ehtiyatları Agentliyinə: Yeni yaradılacaq təsərrüfatların su təminatının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyələşmə hər il dövlət büdcəsi və dövlət investisiya proqramları çərçivəsində nəzərdə tutulacaq.
26 May 2026
26 May 2026
26 May 2026