Azərbaycan 6 il ərzində tranzit daşımalarını 2,5 dəfə artırıb

14:20 - 15.05.2026


15 may, Fineko/abc.az. Azərbaycan 6 il ərzində tranzit daşımalarını 2,5 dəfə artırıb.

ABC.AZ-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan üzərindən tranzit daşımalarının ümumi həcmi 14,3 milyon tona çatıb ki, bu da 2019-cu ilin göstəricisini 2,5 dəfə üstələyir: "Bu həcmin təxminən 4,7 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb – bu, onun regional bağlantının təmin edilməsində artan rolunu nümayiş etdirir".

O vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işlərinin başa çatması mühüm mərhələ olub. Bunun sayəsində marşrutun ötürmə qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona yüksəlib.

C.Qurbanov həmçinin bildirib ki, 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner daşımalarının həcmi 40 % artaraq rekord göstəriciyə - 107 min TEU-ya çatıb: "Limanın inkişafının ikinci mərhələsi çərçivəsində onun ötürmə qabiliyyətinin 2030-cu ilədək 25 milyon tona və 500 min TEU-ya çatdırılması planlaşdırılır".

Nazir müavini qeyd edib ki, Azərbaycan nəqliyyat və logistika sahəsinin rəqəmsallaşdırılmasını, o cümlədən elektron CMR-lərin, permit-sistemlərinin və rəqəmsal "bir pəncərə"nin tətbiqini fəal şəkildə inkişaf etdirir.

©Report