12:30 - 15.05.2026
15 may, Fineko/abc.az. 2022-ci ilin sentyabrında Bakıda gündəlik xəttə çıxan avtobusların sayı 1 720 idi.
ABC.AZ xəbər verir ki, bunu report-a müahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. O qeyd edib ki, onların təxminən 550-si müasir avtobuslar, qalan hissəsi isə köhnə nəqliyyat vasitələri idi. Hazırda isə xəttə çıxan avtobusların sayı 2 350-yə çatıb:
"2022-ci ildə aparılan hesablamalar göstərirdi ki, bəzi marşrutlarda yüklənmə səviyyəsi 110–115 %-ə çatırdı. Bu isə o demək idi ki, müəyyən hallarda sərnişinlər avtobusa minə bilmirdilər. Hazırda bu göstərici təxminən 90 %-ə qədər enib".
Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyat sisteminin optimal fəaliyyəti üçün ümumilikdə 2 800-2 900 avtobusa ehtiyac var: "Əsas hədəf isə yüklənmə səviyyəsini 70 %-ə endirməkdir. Bu göstərici beynəlxalq praktikada psixoloji rahatlıq həddi hesab olunur. Çünki sərnişin avtobusu uzaqdan yarıboş gördükdə daha rahat şəkildə minməyə qərar verir. Yüklənmə 90 %-ə yaxın olduqda isə, hətta içəridə yer olsa belə, avtobus dolu təsiri bağışlayır".
A.Rzayev qeyd edib ki, bu il də avtobus parkının genişləndirilməsi nəzərdə tutulur və plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayı 2 800-ə çatdırılacaq: "Burada əsas məqamlardan biri keyfiyyət dəyişikliyidir. Əgər 2022-ci ildə şəhərdə cəmi 550 müasir avtobus var idisə, hazırda onların sayı 1 100-ə çatıb. Yəni həm avtobusların ümumi sayı artıb, həm də müasir nəqliyyat vasitələrinin payı yüksəlib".