Shell plc gözləntiləri üstələyərək mənfəətini artırıb

11:16 - 7.05.2026


7 may, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Shell şirkətinin düzəliş edilmiş mənfəəti 6,92 milyard dollara yüksəlib və analitiklərin 6,36 milyard dollar səviyyəsində olan konsensus proqnozunu, eləcə də ötən ilin eyni dövründəki 5,58 milyard dollar göstəricisini üstələyib.

ABC.AZ xəbər verir ki, artım emal və bərpa olunan enerji seqmentlərində treydinq və optimallaşdırma nəticələrinin yaxşılaşması, satış qiymətlərinin yüksəlməsi, neft emalı marjasının artması və əməliyyat xərclərinin azalması ilə bağlıdır.

Düzəliş edilmiş EBITDA göstəricisi dördüncü rübdəki 12,8 milyard dollarla müqayisədə 17,7 milyard dollara yüksəlib, əsas əməliyyat xərcləri isə rüblük müqayisədə 9,4 milyard dollardan 8,6 milyard dollara enib.

Bundan əlavə, şirkət səhmlərin geri alınması üzrə rüblük proqramını əvvəlki rübdəki 3,5 milyard dollardan 3 milyard dollara qədər azaldıb.