Deputat iddia edir ki, gömrük bundan sonra daha şəffaf olacaq

14:21 - 1.05.2026


1 may, Fineko/abc.az. Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər gələcəkdə gömrük tənzimlənməsini daha çevik, şəffaf, biznes yönümlü modelə keçirəcək.

ABC.AZ xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.

"Dəyişikliklər xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkil edilməsinə hüquqi zəmin yaratmaqla bərabər, eyni zamanda məmur-sahibkar-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etməsinə, ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafında gömrüyün rolunun artırılmasına mühüm töhfə verəcək. Gömrük qanunvericiliyinin anlayışlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına dair olan dəyişiklik, beynəlxalq təcrübə və layihələr çərçivəsində formalaşmış təkliflərin gömrük qanunvericiliyinə implementasiyası, gömrük prosedurlarının hüquqi terminologiyasını beynəlxalq praktikaya uyğunlaşdırılması və normativ tənzimləmənin tətbiq olunması imkanlarının artırılması məqsədi daşıyır", - deyə o qeyd edib.