12:16 - 1.05.2026
1 may, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib.
ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.
7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.
Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha effektiv istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir. Ümumilikdə 7-ci körpünün və yeni nəsil kranın istifadəyə verilməsi limanın əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.
27 İyul 2026
25 İyul 2026