Trendyol Türkiyə bazarının 40%-nə sahib oldu: 14 milyard dollarlıq dövriyyə

16:42 - 29.04.2026


29 aprel, Fineko/abc.az.  Türkiyənin e-ticarət nəhəngi "Trendyol" 2025-ci il üzrə fəaliyyət nəticələrini açıqlayıb.

ABC.AZ hesbata istinadla xəbər verir ki, şirkət həm yerli, həm də beynəlxalq bazarlarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirərək rekord göstəricilərə imza atıb.

Bazar liderliyi və Artım dinamikası

Hesabata əsasən, "Trendyol"un ümumi satış dövriyyəsi (GMV) 14 milyard ABŞ dollarını keçib. Ekspertlər qeyd edirlər ki, bu, 2024-cü illə müqayisədə 10–15% artım deməkdir. Şirkət Türkiyə e-ticarət bazarında 34–40% payla şəksiz liderliyini qoruyub saxlayır.

Satıcı və Məhsul statistikası

Platformanın ekosistemi genişlənməyə davam edir:

•      Satıcı sayı: 170 mindən çox;

•      Məhsul çeşidi: İlin ilk yarısında satılan məhsulların sayı 400 milyona yaxınlaşıb.

Beynəlxalq ekspansiya: Körfəz ölkələri və Azərbaycan

2025-ci ildə "Trendyol" beynəlxalq bazarlarda, xüsusilə Körfəz regionunda böyük sıçrayış edib. Hazırda bu regionda platformanın aktiv istifadəçi sayı 4 milyon nəfəri ötüb. Eyni zamanda, şirkət Azərbaycan da daxil olmaqla region ölkələrində logistik şəbəkəsini genişləndirməyə və fəaliyyətini dərinləşdirməyə davam edir.

Texnoloji investisiyalar və Əməliyyat səmərəliliyi

Şirkət logistika və texnologiya sahəsinə yatırımlarını artıraraq anbar və çatdırılma sistemlərini optimallaşdırıb. Nəticədə:

•      Əməliyyat səmərəliliyi 40% yüksəlib;

•      Çatdırılma müddəti qısalıb və əməliyyat xərcləri azalıb.

Qeyd edək ki, "Trendyol"un əsas səhmdarı olan Alibaba Group üçün bu platforma beynəlxalq e-ticarət seqmentində ən sürətlə böyüyən və əsas gəlir mənbəyi olan aktivlərdən biri hesab olunur.