Gələn həftə Bakıda keçiriləcək sərgilərdə hansı şirkətlər iştirak edəcək?

10:35 - 28.04.2026


28 aprel, Fineko/abc.az.  Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində 45 ölkədən 447 şirkət iştirakını təsdiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Bundan əvvəl 30-dan çox ölkədən 300-dən çox şirkətin sərgilərə qatılacağı bildirilmişdi.

Məlumata görə, sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir. Sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri yer alır. Sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu keçiriləcək. Daha bir tədbir isə sərgilər çərçivəsində "Baku Marriott Hotel Boulevard" hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafı Forumudur.