Üç ayda Qarabağ və Şərqi Zəngəzurun bərpasına 386,2 mln. manat vəsait xərclənib

16:33 - 22.04.2026


22 aprel, Fineko/abc.az. 2026-cı ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11%-i qədər və ya 386,2 milyon manat vəsait istifadə olunub.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinin hesabatına istinadla xəbər verir.

Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.