Depozitləri 3 milyon 533 min manat azalan Bank - "Ekspress Bank"ın hesabatı

13:59 - 15.04.2026


15 aprel, Fineko/abc.az. 2026-cı ilin birinci rübünün sonuna "Ekspress Bank"ın aktivləri 661 milyon 973 min manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə bankın açıqladığı maliyyə hesabatında qeyd edilib.

Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 767 min manat (0,7%) azdır.

Azalma bununla yekunlaşmır. Sözügedən dövrdə bankın müştərilərə verilən kreditləri 3 milyon 169 min manat (0,6%) azlaraq 533 milyon 965 min manata düşüb.

Ticarət və investisiya qiymətli kağızlar üzrə aktivlərin həcmi 3 ayda 7 milyon 950 min manat (20%) azalaraq 31 milyon 788 min manat olub.

Banklar və digər maliyyə institutlarına verilən kreditlər 3 milyon 149 min manat (1 milyon 155 min manat / 57,9% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 5 milyon 75 min manat (984 min manat / 16,2% az) olub.

Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 532 milyon 339 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 8 milyon 45 min manat və ya 1,5% azdır.

Bankdakı depozitlərin həcmi 3 milyon 533 min manat (1,1%) azalaraq 307 milyon 895 min manata düşüb.

Müəllif: Elmir Muradov