Azərbaycanda azot gübrəsinin qiyməti buna görə bahalaşıb

11:30 - 6.04.2026


6 aprel, Fineko/abc.az. ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə və artıq 4 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycanda gübrənin qiymətinin bahalaşmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, xüsusilə İrandakı müharibə və Hörmüz boğazından gəmilərin keçidində yaranan problem müxtəlif ölkələrə məhsul idxalı və ixracını çətinləşdirir, qiymətləri bahalaşdırır. Bahalaşan məhsullardan biri də Azərbaycana xaricdən idxal olunan gübrələrdir.

Gübrələr Azərbaycanın xaricdən idxal etdiyi və ölkədən ixrac olunan əsas məhsullardandır.

Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə xaricdən Azərbaycana ümumi dəyəri 35 milyon dollar olan 51 min ton gübrə idxal edilib. Azərbaycana gübrə əsasən Türkiyə, Rusiya, Belarus, İran, İspaniya, İtaliya, Özbəkistan, ABŞ və sair ölkələrdən idxal edilir.

Azərbaycan özü isə 2025-ci ildə ümumi məbləği 171 milyon dollar olan 543 min ton gübrə ixrac edib.  Azərbaycandan gübrə əsasən, Ukrayna, Kanada, Hindistan, Argentina, Gürcüstan, İsrail, Türkiyə, Uruqvay, Bolqarıstan, Rumıniya və Yunanıstana ixrac edilir. “Agricola” şirkətinin nümayəndəsi Fərid Məcidov bildirib ki, həm Yaxın Şərqdə gedən müharibə, həm də Rusiya-Ukrayna müharibəsi idxal olunan gübrələrin qiymətinin bahalaşmasına səbəb olub:

«Son bir ay ərzində gübrələrin qiymətində artım müşahidə olunur, bu da, Yaxın Şərqdə baş verən müharibələrə görədir. İsraildən, Finlandiyadan, Norveçdn gələn gübrələr Hörmüz boğazından keçərək ölkəmizə idxal edilir. Buna görə də, məhsullar yollarda qalıb, keçirmək mümkün olmur».