Daha çox hansı böyük marketlər qaydaları pozur? - Özəl xəbər

14:12 - 16.03.2026


16 mart, Fineko/abc.az. -(Özəl xəbər)- Mütəmadi olaraq mətbuatda və sosial mediada Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ticarət şəbəkələrində qanun pozuntuları aşkarlanması və cərimələnmələri barədə məlumatlar yayımlanır.

Bizim üçün daha çox hansı böyük marketlərin qaydaları pozduğu maraqlı olduğu üçün bu barədə Agentliyə sorğu ünvanladıq.

Agentlikdən sorğumuza verdikləri cavabda ticarət şəbəkəsinin adı çəkilməsə də, müəyyən maraqlı açıqlama verildi.

Agentlikdən ABC.AZ-a bildirildi ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 31 müraciət daxil olub.

"Həmin müraciətlərin araşdırılması nəticəsində 3 sahibkarlıq subyektinin fəaliyyətində pozuntu müəyyən edilib və barələrində inzibati xəta haqqında protokol tərtib edilib" -deyə qeyd edilib.

Müəllif: Elmir Muradov