17:17 - 27.02.2026
27 fevral, Fineko/abc.az. ABŞ və İran arasında aparılan danışıqlar neft bazarında kəskin dəyişkənliyə səbəb olub. Dialoqla bağlı xəbərlər fonunda Brent markalı neftin qiyməti əvvəlcə bir dollardan çox ucuzlaşaraq 69 dollara düşüb, daha sonra məsləhətləşmələrdə fasilə zamanı 72 dolları ötüb, danışıqların bərpasından sonra isə yenidən 70 dollar ətrafına enib.
ABC.AZ xəbər verir ki, investorlar danışıqların neft tədarükünə mümkün təsirini qiymətləndirirlər. İran OPEC-in ən iri istehsalçılarından biridir və dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi strateji Hörmüz boğazına nəzarət edir. Münaqişənin hər hansı kəskinləşməsi ixracda fasilələrə və qiymətlərin sürətlə artmasına səbəb ola bilər. Analitiklər bildirirlər ki, boğazın bağlanması genişmiqyaslı enerji böhranı və kotirovkaların “tarixi” artımı ilə nəticələnə bilər.
ABŞ üçün dünya neft qiymətləri kritik əhəmiyyət daşıyır: yanacaq qiymətləri birbaşa inflyasiyaya və iqtisadi vəziyyətə təsir edir. ABŞ-da hasilat yüksək olsa da, ölkə bazarı qlobal qiymət formalaşmasından asılıdır. Bu şəraitdə İranın geosiyasi rolu neft qiymətlərinə təsir edən mühüm amilə çevrilir və onun danışıqlardakı mövqeyini gücləndirir.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026