Ötən il sənaye zonalarında 4 milyard manata yaxın məhsul satılıb

11:06 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Geridə qoyduğumuz il sənaye zonaları üçün sabit artım və möhkəmlənmə ili olub. 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib:

"Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir. Nəzərinizə çatdırım ki, 2025-ci ilin sonuna kimi agentliyin idareəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb. 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb".

Müəllif: Elmir Muradov