Qazaxıstan “LUKOIL” payını almaqda üstün hüququ barədə OFAC-a məlumat verib

15:02 - 23.02.2026


23 fevral, Fineko/abc.az. Qazaxıstan “LUKOIL”ın birgə layihələrdəki payını almaqda üstün hüququ barədə OFAC-a bildiriş göndərib.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi bildirib.

Məlumata görə, OFAC-a göndərilən məktub bildiriş xarakteri daşıyıb. Nazirlik vurğulayıb ki, ölkə qanunvericiliyinə, o cümlədən “Yerin təki və ondan istifadə” məcəlləsinin 43-cü maddəsinə əsasən dövlət payı əldə etməkdə üstün hüquqa malikdir.

Cari ilin yanvarında Qazaxıstan Energetika Nazirliyinin rəhbəri Yerlan Akkenjenov bildirib ki, ölkə “LUKOIL” payının birgə layihədə alınması proseduru ilə bağlı OFAC-a sorğu göndərib. Nazir həmçinin qeyd edib ki, əməliyyatın mümkün variantları maliyyə vəsaitlərinin istifadəsini nəzərdə tutmaya bilər.