“Emirates” 12 min bələdçi heyəti üçün yaşayış kompleksi inşa edəcək

19:18 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. “Emirates” Dubai Investments Park ərazisində bələdçi heyəti üçün nəzərdə tutulan Cabin Crew Village adlı ixtisaslaşmış yaşayış kompleksini həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, layihənin dəyəri bir neçə milyard dirhəm həcmində qiymətləndirilir.

12 minədək əməkdaşın yaşayışı üçün nəzərdə tutulan kompleks Dubay Beynəlxalq Hava Limanı ilə Dubai World Central aviasiya mərkəzi arasında yerləşəcək. Tikintinin 2026-cı ilin ikinci rübündə başlanması, birinci mərhələnin isə 2029-cu ildə tamamlanması planlaşdırılır.

Cabin Crew Village hər biri 19 mərtəbəli olmaqla 20 yaşayış binasından ibarət olacaq. Kompleksdə bir, iki və üç yataq otaqlı mənzillər, eləcə də geniş infrastruktur — mağazalar, restoranlar, fitnes zalları, hovuzlar, tibbi klinikalar, ictimai məkanlar və park zonaları yaradılacaq. Layihə aviaşirkətin əməkdaşları üçün rahat yaşayış, istirahət və peşəkar ünsiyyət mühiti kimi nəzərdə tutulub.