“Valero” Venesuela neftinin ilk partiyasını alıb

10:36 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. ABŞ-ın neft şirkəti “Valero Energy” Vaşinqtonla Karakas arasında əldə olunan razılaşma çərçivəsində Venesuela xam neftinin ilk partiyasını satın alıb.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən bildirib.

Yanvarın əvvəlində ABŞ prezidenti Donald Tramp Venesuela hakimiyyətinin satış üçün ABŞ-a 50 milyon barelə qədər neft verəcəyini açıqlayıb və bu sövdələşmədən əldə olunacaq gəlirlərə şəxsən nəzarət edəcəyini vurğulayıb.

“İki mənbədən birinin bildirdiyinə görə, neft “Valero” tərəfindən “Vitol” ticarət evindən alınıb. Digər iki mənbənin məlumatına əsasən, xam neft ABŞ-ın Meksika körfəzi sahillərinə tədarük üçün Brent markasına nisbətən təxminən 8,50–9,50 dollar endirimlə satılıb”, – agentlik yazır.

Mənbələrin məlumatına görə, ötən həftədən etibarən ABŞ-ın neftayırma zavodları Venesuelanın ağır Merey markalı neftinin tədarükü ilə bağlı təkliflər almağa başlayıb. İlkin mərhələdə Brent etalon markasının qiymətindən barel başına 6–7,50 dollar endirim təklif olunub.