14:54 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. Türkiyə bazarında Azərbaycan istehsalı olan mallar üçün "İlk rəqəmsal təmas strategiyası - ilk 90 gün" strategiyası hazırlanıb.
ABC.AZ xəbər verir ki, bunu "Kırca & Kırca" hüquq və konsaltinq şirkətinin ortağı Sertaç Çelikbilek Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, sənədə əsasən, Azərbaycan markaları Türkiyə bazarına daxil olmamışdan əvvəl onların mövqeyi dəqiq müəyyən edilməlidir:
"Türk dilində veb-saytın olması, sosial şəbəkələrdə aktivlik və pərakəndə satış platformalarında əlçatanlıq seçim deyil, zərurətdir. Həmçinin məhsulun reklamı aparıldıqdan sonra onun satış nöqtələrində (və ya stokda) mövcudluğu təmin olunmalıdır. Əks halda istehlakçının mənfi reaksiyası brendin imicinə zərər vura bilər. Eləcə də, xərc analizi aparılmalıdır. Belə ki, Türkiyədə birbaşa şirkət yaratmaq yüksək xərc tələb etdiyindən, ilkin mərhələdə rəqəmsal və logistik infrastrukturun düzgün qurulması investisiyanın gəlirliliyini (ROI) təmin etməyə imkan verər". ©Report