Azərbaycan və Türkiyə arasında ticarətlə bağlı yaranan problemlərin həll edilməsi üçün ortaq platforma yaradılacaq

11:37 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, əgər hazırda saziş 30 malın preferensial ticarət rejimi ilə idxal-ixracını nəzərdə tutursa, siyahını 50 mala qədər genişləndirilməsi nəzərdə tutulur.

"Hazırda siyahıda əsasən Azərbaycanın kənd təsərrüfatı, Türkiyənin isə sənaye məhsulları var", - deyə səfirlik rəsmisi əlavə edib.

G.Yavaş həmçinin deyib ki, Azərbaycan və Türkiyə arasında ticarətlə bağlı yaranan problemlərin həll edilməsi üçün ortaq platformanın qurulması planlaşdırılır: "Dekabrın 1-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyimiz görüşdə, onun texniki işçi qrupu yaradılması ilə bağlı bir təklifi oldu. Bu cür platformalar bizə qarşılıqlı investisiyaları artırmağa kömək edəcək". ©Report