Taksi buraxılışları üçün bu tarixədək müraciət edilməlidir

17:30 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Bakıda taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün dekabrın 30-u saat 23:59-dək müraciət olunmalıdır.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir  ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.

Məlumata əsasən, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin olunub. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu dekabrın 30 dekabr-u saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.