Ekvador yanacaq idxalçısına çevrilə bilər

17:21 - 8.12.2025


8 dekabr, Fineko/abc.az. Ekvador benzin, dizel və qaz idxalına xammal neft satışından qazandığı qədər vəsait xərcləməyə başlayıb.

ABC.AZ xəbər verir ki, The Rio Times məlumatına görə, dollarlaşdırılmış iqtisadiyyat üçün bu ciddi zərbədir: ölkə uzun illər daxili və real xarici yanacaq qiymətləri arasındakı fərqi örtən “neft yastığını” itirir.

2022-ci ildə 5,7 mlrd dollar olan neft profisiti 2025-ci ildə 662 mln dollara, 2026-cı ildə isə cəmi 945 mln dollara qədər düşə bilər. Ekvador ağır nefti barrelinə 53 dollara satır, yanacağı isə 74 dollara alır ki, bu da əvvəlki modeli qeyri-səmərəli edir.

Vəziyyəti hasilatın azalması daha da ağırlaşdırır: Yasuni-ITT blokunun bağlanması, boru kəmərlərindəki problemlər, Petroecuador-a investisiyaların azalması və neftayırma zavodlarının işləməməsi ciddi çətinliklər yaradıb. Bu fonda qeyri-neft ixracı (krevet, kakao və mədən sənayesi) artıq neftdən daha çox gəlir gətirir.