Xiaomi yarım milyon avtomobil istehsal edib

15:37 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. Xiaomi 2024-cü ilin aprel ayında elektromobil istehsalına başladığı vaxtdan bəri 500 mindən çox avtomobil tədarük edib.

ABC.AZ xəbər verir ki, bu barədə Çin texnologiya nəhəngi sosial şəbəkələrdə məlumat yayıb.

SU7 modelinin debütündən 500 mininci avtomobilin istehsalına qədər cəmi 602 gün keçib ki, bu da dünya sənayesi üçün rekord göstəricidir. Son üç ayda aylıq təhvil sayları ardıcıl olaraq 40 min həddini keçib və bununla şirkət 2025-ci il üçün nəzərdə tutulan 350 min ədədlik planı artıq yerinə yetirib. Xiaomi ilin sonuna qədər 400 min avtomobil satacağını planlaşdırır.

İstehsal Pekindəki zavodda həyata keçirilir. Xiaomi-nin baş direktoru Ley Tsün bu nailiyyətin inkişafdan tutmuş satış və xidmətə qədər bütün zəncirin effektivliyini təsdiqlədiyini, həmçinin şirkətin genişmiqyaslı artım mərhələsinə keçdiyini bildirib.

Qeyd edək ki, Xiaomi elektromobil istehsalına başlamaq planlarını 2021-ci ildə açıqlayıb və növbəti 10 ildə bu layihəyə 10 milyard dollardan çox vəsait ayırmağı nəzərdə tutur.