10:17 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Xatırlayırsınızsa bir neçə il əvvəl daşınmaz əmlakın icbari sığortası ilə bağlı ölkədə çox ciddi maarifləndirmə işləri aparıldı.
Təxminən 3 aya yaxın bütün mediada, televiziyalarda insanlara daşınmaz əmlakların sığortalanmasının vacibliyi aşılandı. 2021-ci idə başlanan maarifləndirmə işləri müəyyən mənada öz bəhrəsini verdi.
Bütün bunları nəzərə alıb, həmin dövrdən indiyədək ölkədə daşınmaz əmlakların sığortalanmasına marağın artıb-artmamasını araşdırdıq.
Təbii ki, hazırda insanlar arasında daşınmaz əmlak sığortasına maraq böyük olmasa da, ara-sıra baş verən yanğınlar, qaz sızması nəticəsində baş vermiş partlayışlar bu sığortanın vacibliyini ortaya qoyur. Elə buna görə də bu sahədə statistik vəziyyəti öyrənmək üçün İcbari Sığorta Bürosuna sorğu ünvanladıq.
Bürodan ABC.AZ-ın sorğusuna cavab olaraq göndərilmiş statistikadan aydın olur ki, 2021-ci il, yəni daşınmaz əmlakın sığortası ilə bağlı çoxsaylı maarifləndirmə işləri nəticəsində 146759 mülk sığortalanıb. Növbəti ildəki rəqəm də elə də böyük deyil.
Belə ki, 2022-ci ildə bu rəqəm cüzi artaraq 151100 olub. Bürodan göndərilmiş statistikada daşınmaz əmlakın sığortalanmasına marağın ən çox 2023 və 2024-cü illərdə baş verdiyi görsənir. Statistika göstərir ki, 2023-cü ildə 281076 daşınmaz əmlak sığortalanıbsa, 2024-cü ildə bu rəqəm 186940 təşkil edib.
Qeyd olunan son iki ilə nəzər saldıqda aydın görünür ki, 2021 və 2022-ci illə müqayisədə bu sahədə statistik rəqəmlər yüksələn xəttlə inkişaf etsə də, sonradan rəqəmlər yenidən aşağıya doğru hərəkət etməyə başlayıb. Müşahidələrə əsasən, demək olar ki, 2024-cü ildə 2023-cü ildəkindən 94136 daha az daşınmaz əmlak sığortalanıb.
Bunu çox ciddi azalma hesab etmək olar. Həm mülklərin sayı baxımından, həm də yığılan vəsaitlərin azalması tərəfdən. 2025-ci il hələ tam başa çatmasa da, 9 ayın statistik rəqəmləri bu ildə də bizə daşınmaz əmlakın sığortalanması istiqamətində azalmaların qaçılmaz olacağını deməyə əsas verir. Belə ki, 2025-ci ilin 9 ayında 146788 daşınmaz əmlak sığortalanıb.
Bu 2021-ci ildəkindən biraz çox, 2022, 2023 və 2024-cü idəkilərdən xeyli aşağı rəqəmdir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, ölkədə hələ də bu sahə dinamik inkişaf etməyib.
Ümumi olaraq həm öz, həm də ekspertlərin daimi səsləndirdikləri fikirlə desək, bu sahəyə marağın artırılması yəqin ki, sığorta sahəsində bürokratik əngəllərin azalması ilə həyata keçirilə bilər.
Müəllif: Elmir Muradov
27 İyul 2026
25 İyul 2026