Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda tunel inşasına start verilib

12:22 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunel tipli yol ötürücüsünün inşasına start verib.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, tunel layihənin 3,6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur.

Tunel tipli yol ötürücüsünün ümumi uzunluğu 620,6 metrdir. Bunun 36,6 metri qapalı, 584 metri isə açıq hissədən ibarətdir.

Hazırda obyekt üzrə dayaqların qazılması və betonlanması, həmçinin svayların quraşdırılması işləri həyata keçirilir.