Bakı–Ələt–Qazax yolunun sonuncu hissəsində tikinti hansı mərhələdədir?

14:35 - 18.11.2025


18 noyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsini yekunlaşdırmaq üzrədir.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, "Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir və artıq yekunlaşma mərhələsindədir.

Layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.

Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə həyata keçirilir. 1-ci və 2-ci Lotlar, eləcə də 3-cü Lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Prezident İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir.

Bu hissə boyunca (km 102–130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 15 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilib. Layihəyə uyğun olaraq zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.