Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi açıqlanıb

12:34 - 18.11.2025


18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,152 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 182,9 milyon ABŞ dolları və ya 4,6% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,16%-i həcmində olub. Bununla da Rusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 975,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 0,3% çoxdur.

Dövr ərzində Rusiyaya ixrac edilmiş məhsulların 968,946 milyon ABŞ dollarını qeyri-neft məhsulları təşkil edib. Bu isə ötən ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə 12,2 milyon ABŞ dolları və ya 1,3% çoxdur. Bununla da Rusiya hesabat dövründə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Eyni zamanda, hesabat dövründə Rusiyadan Azərbaycana 3,176 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 206,5 milyon ABŞ dolları və ya 6,9% artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.