Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdədir

16:22 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 170,5 milyon ABŞ dolları dəyərində 6 367 ədəd avtomobil ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barəd Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq - 38 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard ABŞ dolları dəyərində 82 527 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstandan Qırğızıstana 1 milyard ABŞ dolları dəyərində 31 371 ədəd, Qazaxıstana 567 milyon ABŞ dolları dəyərində 33 375 ədəd, Tacikistana 88,8 milyon ABŞ dolları dəyərində 4 296 ədəd, Özbəkistana 51,5 milyon ABŞ dolları dəyərində 1 815 ədəd avtomobil tədarük edilib.