ADY bu məqsədlə dəmir yollarında yenidənqurma işləri həyata keçirib

16:12 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib.

ABC.AZ xəbər verir ki, həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

Qeyd edək ki, Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.