Metronun “B-04” stansiyasının tikintisi davam edir

11:16 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib.

ABC.AZ quruma istinadla xəbər verir ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb.

Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir.

Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub.

Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan “8 Noyabr” stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib.

Qeyd edək ki, “Bakı Metropoliteni”nin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Ərazinin relyefi nəzərə alınaraq 29–31 metr dərinlikdə inşa olunan “B-04” stansiyası 167,7 metr uzunluğa malik olub, 4 səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə tutulub.

Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər davam etdirilir.