14:43 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti təqdim edən 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58 %-nə sahibdir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib.
"Onların istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir. İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır", - deyə o qeyd edib.
A.Rzayev vurğulayıb ki, sərnişinlər tərəfindən ödənilən gediş haqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadə biznes modelin gəlirli olmaması aydındır: "Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir".
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026