Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlığa başladı Foto

15:41 - 22.07.2025


Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlıq haqqında Memorandum imzalayıb. Sənəd tikinti sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətləri nəzərdə tutur.

Tikinti sektoru Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verir və 2024-cü ildə ölkənin ÜDM-nin 6%-ni təmin edir. Bu sektor genişlənməkdə davam edir və ölkənin iqtisadi inkişafının dəstəklənməsində həyati rol oynayır. Holcim Azərbaycan tikinti sektoruna yüksək keyfiyyətli məhsulların geniş çeşidini təqdim edir. Bunlara sement, TECTOR markalı yapışdırıcı və quru inşaat qarışıqları, beton, innovativ sementlər və yüksək effektivliyə malik betonlar üçün CORSO kimyəvi qatqıları daxildir. Bundan əlavə, məhsul çeşidinə yüksək möhkəmliyi və ideal geometriyası ilə seçilən GEOBRICK sement tərkibli kərpiclər də daxildir.

Şirkət, həmçinin tikinti sektorunun "yaşıl keçid" prosesində lider mövqedədir. O, Cənubi Qafqazda ekoloji cəhətdən dayanıqlı tikinti materiallarını — ECOPlanet sementini (2022-ci il) və ECOPact betonunu (2024-cü il) bazara çıxaran ilk sement istehsalçısı olmuşdur. Bu məhsullar CO₂ emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması üçün hazırlanmışdır.

Yeni texnologiyalar ustalardan müasir bilik və bacarıqlar tələb edir. Bu, xüsusilə "Holcim"in həyata keçirdiyi “USTA MƏNƏM!” müsabiqəsindən sonra daha aydın görünməyə başladı. Müsabiqə ölkənin müxtəlif bölgələrindən yüzlərlə ustanı bir araya gətirdi, hörgü və suvaq peşələrinin aktuallığını göstərdi. Eyni zamanda, bu sahədə peşəkarlığın artırılmasının sistemli yanaşma tələb etdiyini ortaya qoydu.

Tərəflər yeni təhsil proqramlarının hazırlanması, müəllim və ustalar üçün birgə təlimlərin və ustad dərslərinin təşkili və müsabiqələrin keçirilməsi barədə əməkdaşlıq etməyi planlaşdırır. Eyni zamanda, davamlı tikinti prinsiplərinin mövcud peşə  təhsil proqramlarına inteqrasiyası ilə bağlı təklifin hazırlanması nəzərdə tutulur.

 “Bu əməkdaşlıq sənaye ilə təhsili, təcrübə ilə tədrisi birləşdirməyə imkan verəcək. Biz istəyirik ki, peşə təhsil müəssisələrini bitirən gənclər müasir tikinti materialları ilə işləmək bacarığına sahib olsunlar. Fikrimizcə bunun ən yaxşı və səmərəli yolu Holcim kimi qabaqcıl şirkətlərlə əməkdaşlıqdan keçir” - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxışında bildirib.

“Bu tərəfdaşlıq bazarın tələblərinə cavab verən mütəxəssislərin sistemli şəkildə hazırlanması üçün imkan yaradır. Birgə səylərimizlə tikinti peşələrinin nüfuzunu və keyfiyyətini artıracağımıza inanırıq,” - "Holcim Azərbaycan” şirkətinin baş direktoru Serjiu Stoykov qeyd edib.

 

Holcim şirkəti haqqında: “Holcim Azərbaycan” ASC, innovativ və dayanıqlı tikinti həlləri sahəsində qlobal lider olan Holcim Group-un bir hissəsidir. “Holcim Azərbaycan” geniş fəaliyyət portfelinə malikdir və bu portfelə 1949-cu ildən bəri regionun aparıcı istehsalçılarından biri olan tarixi Qaradağ Sement Zavodu da daxildir. Şirkət tikinti sektoruna yüksək keyfiyyətli məhsullar təqdim edir: sement, TECTOR markalı quru inşaat qarışıqları, hazır beton, CORSO kimyəvi əlavəsi və Geobrick məhsulu. 2023-cü ildə Holcim Azərbaycan Qarabağ bölgəsində yerləşən Araz Vadisi İqtisadi Zonasında yeni terminal istifadəyə verərək ölkə daxilində mövqeyini daha da gücləndirib və ixrac imkanlarını genişləndirib. Şirkət eyni zamanda tikinti sektorunda “yaşıl keçid” prosesinə liderlik edir. Holcim, Cənubi Qafqazda bazara aşağı karbon tərkibli ECOPlanet sementini və ECOPact betonunu təqdim edən ilk sement istehsalçısı olub. Bu məhsullar CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, keyfiyyət və davamlılıqdan güzəştə getmir. İnnovasiya, dayanıqlılıq və müştəriyönümlü yanaşmanı birləşdirən “Holcim Azərbaycan” tikintinin gələcəyini formalaşdırmaqda davam edir və Cənubi Qafqaz regionunda Net-Zero (karbon neytrallığı) öhdəliyinə doğru yeni standartlar müəyyənləşdirir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi haqqında: Peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və bu sahədə fəaliyyəti əlaqələndirən icraedici orqandır. Agentlik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir. Onun əsas vəzifəsi peşə təhsili müəssisələrinin koordinasiyasını təmin etmək və əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasını dəstəkləməkdir. Agentlik əlçatan, bacarıq yönümlü və karyeraya istiqamətlənmiş proqramlar vasitəsilə peşə təhsilini əmək bazarının tələblərinə uyğunlaşdırmaq üzərində çalışır. Eyni zamanda, peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, işəgötürənlərlə birgə təlim proqramlarının hazırlanması, qeyri-rəsmi yollarla əldə olunmuş bacarıqların tanınması üçün metodikaların hazırlanması və peşə təhsili sahəsində beynəlxalq layihə və tərəfdaşlıqların koordinasiyası da Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir.