Əcnəbilər də azad olunmuş ərazilərə gedə biləcək

12:14 - 21.07.2025


21 iyul, Fineko/abc.az. Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydıqları məlumatında bildirilir.

Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.

Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.

Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.