19:06 - 12.07.2025
12 iyul, Fineko/abc.az. İyulun 12-də Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçirilib.
ABC.AZ xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi İttifaq çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları arasında ortaq mədəni, tarixi və coğrafi əlaqələri bölüşmək, dağ və qış turizminin qarşılıqlı inkişafını stimullaşdırmaq, qış və yay turizmində davamlı iqtisadi inkişafa nail olmaq, o cümlədən birgə əməkdaşlıq əlaqələri qurmaq, İttifaqa daxil olan dağ kurortlarının tanıdılmasına dəstək olmaqdır. Bununla yanaşı türkdilli dövlətlər arasında xizək turizminin inkişafına töhfə vermək, təcrübə mübadiləsi aparmaq, bu sahədə türk dövlətlərinin cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaqdır.
"Şahdağ" Turizm Mərkəzində baş tutan Sammitdə Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Sammitdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov birliyin türkdilli ölkələr arasında dağ və xizək turizmi üzrə çoxtərəfli əməkdaşlıq platforması rolunu oynadığını bildirib. O, üzv dövlətlərin zəngin dağ relyefi və əlverişli iqlim şəraitinə sahib olmasının bu sahədə müxtəlif turizm növlərinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. İttifaqın sədri sammit çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin gələcəkdə ortaq turizm layihələrinin formalaşdırılmasına və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına təkan verəcəyini qeyd edib.
Tədbir zamanı yeni üzv seçilən kurortlara üzvlük sertifikatları təqdim olunacaq, həmçinin Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubunun yaradılmasına dair anlaşma memorandumu imzalanacaq.
Müəllif: Elmir Murad
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026