Üç ayda ölkəyə ümumilikdə 485,6 min ton idxal yükü gətirilib

16:35 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Limanlarda yüklərin qalığı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 178 min tona düşüb.

ABC.AZ xəbər verir ki, qalıq yüklərin əsas hissəsi – 163,8 min tonu tranzit yüklərin payına düşür və bu da 2024-cü illə müqayisədə 3,1 faiz azalma deməkdir. İxrac üçün limanlarda qalan yüklər isə 14,2 min ton olub və bu göstərici 49,8 faiz azalıb.

Bu ilin yanvar-mart aylarında ölkəyə ümumilikdə 485,6 min ton idxal yükü gətirilib ki, bu da ötən illə müqayisədə 4,4 faiz azdır. Bu yüklərin 378,9 min tonu Azərbaycana məxsus gəmilərlə daşınıb və bu sahədə 12,8 faiz azalma müşahidə olunub. Eyni zamanda, xarici gəmilərlə gətirilən idxal yükləri 106,7 min tona çataraq 45,6 faiz artıb.

İxrac yüklərinin göndərilməsi isə kəskin artım göstərib. 2024-cü ilin ilk rübündə 52,5 min ton ixrac yükü daşınmışdısa, bu il bu göstərici 84,3 min tona yüksəlib – artım 60,6 faiz təşkil edib. Xarici dövlətlərə məxsus gəmilərlə göndərilən yüklərin həcmi 13,5 min tondan 55,3 min tona qədər artaraq dörd dəfədən çox artım göstərib. Əvəzində, Azərbaycana məxsus gəmilərlə ixrac olunan yüklər 29 min tona enib, bu da 25,6 faiz azalma deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk üç ayında limanlarda xidmət göstərilən gəmilərin sayı 1 325 olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım anlamına gəlir.