12:22 - 2.06.2025
2 iyun, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən daha bir istehlakçı hüququnun pozulması faktı üzrə inzibati protokol tərtib olunub.
ABC.AZ xəbər verir ki, bu dəfə məsuliyyətə cəlb olunan şirkət “Embawood” MMC olub.
Araşdırma zamanı məlum olub ki, şirkət qüsurlu malı geri almaqdan imtina edib.
Bundan əlavə, istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericilikdə nəzərdə tutulmayan və alıcının hüquqlarını məhdudlaşdıran şərtlər əlavə olunub.
Qeyd edək ki, sözügedən protokol 5 mart 2025-ci il tarixində tərtib edilib. Qanunvericiliyə əsasən, hər bir istehlakçının aldığı məhsulda qüsur aşkar olunduğu halda onu dəyişdirmək və ya geri qaytarmaq hüququ var. Lakin “Embawood” MMC bu hüququ pozaraq, həm məhsulun qaytarılmasını rədd edib, həm də müqavilə şərtlərində istehlakçı üçün ədalətsiz məhdudiyyətlər müəyyənləşdirib.
Satıcı tərəfindən qüsurlu və ya uyğun olmayan məhsulun dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı qanuni prosedurların pozulması, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən hüquq pozuntusu hesab olunur.
Eyni zamanda, istehlakçının hüquqlarını məhdudlaşdıran qeyri-qanuni şərtlərin müqaviləyə daxil edilməsi də İXM-in 447.0.9-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.